Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Bakıda, “Sea Breeze” istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə 2 nüfuzlu beynəlxalq yarışlarda iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, 3 gün boyunca 34 ölkədən 200-dən artıq idmançının qatılacağı yarışlarda baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçi qum üzərində uğur qazanmağa çalışacaq.
27 avqustda keçiriləcək U-17 dünya çempionatında 22 təmsilçimiz mübarizə aparacaq. Oğlanların yarışında Əlirza Heybətli, Elcan Həsənov, Ömər Zeynalov (hamısı 60 kiloqram), Rəşad Əliyev, Rəşid Nəzərov, Tunar Quliyev (hamısı 70 kiloqram), Ruslan Vəliyev, Nihad Süleymanlı, Ömər Vəliyev (hamısı 80 kiloqram), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (hamısı 90 kiloqram) çıxış edəcək. Qızların mübarizəsində isə Gülnar Ağadadaşova, Nərgiz Adilova, Vəfa Orucova (hamısı 45 kiloqram), Ülviyyə Musayeva, Günel Kərimli, Nəzrin Əhmədli (hamısı 55 kiloqram), Fidan Babayeva, Rəna Nuriyeva, Mədinə Qasımova (hamısı 65 kiloqram) və Simurə Abdullayeva (75 kiloqram) gücünü sınayacaq.
28-29 avqustda təşkil ediləcək Dünya Seriyasının IV mərhələsində isə 15 təmsilçimiz iştirakçılar sırasında yer alacaq. Kişilərin yarışında Rübail İbrahimli, İbrahim Musayev, İmamhüseyn Nəbiyev (hamısı 70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev, Cavid Niftəlizadə (hamısı 80 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov, Fərid Cabbarov (hamısı 90 kiloqram), Camal Feyziyev və Rəvan Musayev (hər ikisi +90 kiloqram), qadınların turnirində isə Əsmər Cankurtaran (50 kiloqram), Nərgiz Səmədova (60 kiloqram), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (hər ikisi 70 kiloqram) çıxış edəcək.
Qeyd edək ki, gündüz seansı hər gün saat 10-da, axşam seansı isə 16:00-da start götürəcək.