İQTİSADİYYAT
Sənayedə qeyri-dövlət sektorunun payı 82,2 faiz olub
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,2 faiz artaraq 54,5 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda isə 18,9 faiz artıb. Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma, 29,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,2 faiz təşkil edib. Ümumi istehsalın 91,6 faizi sənaye məhsullarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Keçən il 2020-ci illə müqayisədə uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 20,9 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 8,2 faiz, enerji məhsullarının istehsalı 6,2 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı isə 8,3 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 632,5 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,7 faizi Bakı, 18 faizi Sumqayıt, 6,2 faizi Şirvan şəhərlərinin, 5,6 faizi Gəncə, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 92,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.