İQTİSADİYYAT


Tehranda Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin inkişafı perspektivi müzakirə olunub

Tehran, 18 may, AZƏRTAC

İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit, logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər ətraflı müzakirə olunub. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası və körpülərin tikintisinin bir il ərzində başa çatdırılması, bu layihənin həyata keçirilməsinin regional inkişafın təmin edilməsində oynayacağı rol əsas müzakirə mövzu olub.

Görüşdə, eyni zamanda, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 30 faiz, cari ildə isə 20 faiz, avtomobil daşımalarının 70 faiz artdığı nəzərə çatdırılıb və bu inkişafdan məmnunluq ifadə olunub. Bununla yanaşı, Astaraçay üzərində yeni avtomobil və piyada körpüsünün, İranın Astara şəhərində yük terminalının tikintisində aparılan işlərin mövcud icra vəziyyətinə də toxunulub və ilin sonuna kimi bu layihələrin də başa çatdırılması qərara alınıb. Eləcə də Parsabad-İmişli dəmiryolu xəttinin çəkilişi ilə da bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə həyata keçirilən tədbirləri də ətraflı müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.