''NEFT DAŞLARI''NIN İKİNCİ GƏNCLİYİ BAŞLAYIR
-Məlum olduğu kimi, ''Neft daşları'' yatağı 1950-ci ildən istismardadır. İstismarın 56-cı ilində hər hansı yataqda yeni sahənin kəşf olunması nadir hadisədir və neft sənayemizin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Yeni quyu işə salınmazdan əvvəl ''Neft daşları'' yatağında quyuların orta debiti cəmisi 6 ton təşkil edirdi. Neftçilərimizin gərgin əməyi sayəsində bu gün 1795 nömrəli quyu 165 ton gündəlik hasilatla işə düşmüşdür. Quyunun Xəzərdəki 1887-ci özüldən 2780 metr dərinlikdə qazılıb istismara buraxılması şirkətimizin, habelə ''Azərneft'' İstehsalat Birliyinin, ən əsası isə ''Neft daşları'' yatağının həyatında olduqca əlamətdar hadisədir. Quyu dənizin dərinliyi 50 metr olan sahəsində ''Xəzər-4'' üzən qazma qurğusu ilə qazılmışdır. Bu qurğudan qazılan daha 3 quyu bu ilin sonunadək istismara veriləcəkdir. Hazırda ''Xəzər-4'' digər quyunun qazmasını aparır, onun yerində işə stasionar platforma qoyulmuşdur. Həmin platformadan ilin axırına qədər 30-dan yuxarı quyunun qazılması planlaşdırılır. Bu işə əfsanəvi ''Neft daşları'' yatağının ikinci gəncliyinin başlanması deməkdir.