® “FIFA-2020” I Liqası: “Quba Tigers” komandası liderliyini qoruyub
Bakı, 1 sentyabr, AZƏRTAC
“FIFA-2020” I Liqasının ötən həftə keçirilən görüşlərində gözlənilməz nəticələr qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir ilk üçlükdə qərarlaşan Vahid Əfəndiyevin Qazax komandası son 6 turda olduqca zəif nəticə göstərib. Üç dəfə məğlub olan, iki heç-heçə edən və cəmi bir qələbə qazanan V.Əfəndiyevin büdrəməsindən onu yaxından izləyən rəqibləri istifadə ediblər.
Altı oyundan yalnız birində xal itirən Ayxan Əliyevin Şəki komandası adıçəkilən qarşılaşmada ən yaxın izləyicisi Tural Həsənovun “Qarabağ” komandasına məğlub olub. Gənc və istedadlı Ayxan Əliyevin bu zəfər yürüşü onun stabil və məqsədyönlü oyun taktikası sayəsində mümkün oldu. Ancaq unutmaq lazım deyil ki, Tural Həsənov da asanlıqla təslim olmayacaq.
Liderlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Rüfət Niftəliyevin idarəçiliyi altında çıxış edən “Quba Tigers” komandası inamla irəliləyir və indiki halda ikinci pillədəki Cavid Qurbanovun Naxçıvan komandasını 3, üçüncü yerdə qərarlaşan Şəkini isə 8 xal qabaqlayır.
Ənvər Əliyevin Tovuz komandasının oyununu da xüsusi qeyd etmək lazımdır. Belə ki, ötən həftə ərzində kifayət qədər ciddi rəqiblərlə matçlar keçirən Ənvər Naxçıvan və Qarabağla heç-heçə, Qazaxla oyunda isə 5:2 hesablı inamlı qələbə qazanıb. İkinci diviziondan I Liqaya yüksələn Tovuz komandası turnir cədvəlinin 8-ci pilləsində möhkəmlənib və autsayder olmadığını sübut edir.
Bombardirlər yarışında 69 qolla Ayxan Əliyev (Şəki) liderliyi ələ keçirib. Ondan 4 qol az vuran Cavid Qurbanov (Naxçıvan) və Tural Həsənov (Qarabağ) ikinci-üçüncü yerləri bölüşürlər.
Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.
Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.
Qeyd edək ki, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən I Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.