® Mütəxəssislər “Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma” mövzusunda müzakirələr aparıblar
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin, eləcə də Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “B.Braun Sharing Expertise” şirkətinin dəstəyi ilə "Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma" mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzi Gömrük Hospitalında təşkil olunan tədbirin məqsədi infuzion terapiya sahəsində müasir elmi yanaşmaların və beynəlxalq klinik tövsiyələrin müzakirəsi, fərdiləşdirilmiş maye müalicəsinin prinsiplərinin təbliği, tibb mütəxəssislərinin nəzəri bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi, həmçinin bu sahədə qabaqcıl təcrübənin paylaşılması olub.
Dəyirmi masa müxtəlif tibb müəssəsisələrinin anestezioloq-reanimatoloq ixtisaslı həkim və rezidentlərinin iştirakı ilə keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkimi Bəxtiyar Musayev iştirakçıları salamlayaraq belə elmi-praktik tədbirlərin həkimlərin peşəkar inkişafına, müasir müalicə yanaşmalarının tətbiqinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Dəyirmi masada məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya, Reanimatologiya və İntensiv Terapiya kafedrasının assistenti Namaz İbrahimov balanslaşdırılmış kristalloid məhlulların klinik üstünlükləri, infuzion terapiyanın düzgün planlaşdırılması, hemodinamik göstəricilər əsasında qərarvermə prinsipləri, artıq və ya qeyri-kafi maye yüklənməsinin mümkün fəsadları, həmçinin perioperativ və intensiv terapiya dövründə optimal maye idarəetməsi barədə ətraflı məlumat təqdim edib.
Namaz İbrahimov, həmçinin qeyd edib ki, müasir klinik yanaşmalar infuzion terapiyanın standart sxemlər üzrə deyil, pasiyentin yaşı, yanaşı xəstəlikləri, hemodinamik vəziyyəti və laborator göstəriciləri nəzərə alınmaqla fərdiləşdirilmiş şəkildə aparılmasını tövsiyə edir. Bu yanaşma müalicənin effektivliyinin artırılmasına, ağırlaşmaların azaldılmasına və pasiyent təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Tədbir çərçivəsində iştirakçılar real klinik halların müzakirəsində iştirak edib, gündəlik praktikada rast gəlinən mürəkkəb vəziyyətlər üzrə fikir mübadiləsi aparıblar. İnteraktiv diskussiyalar zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb, infuzion terapiya ilə bağlı aktual problemlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.
Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.