® “Nizami ili”nə həsr olunan “Xəmsə” beynəlxalq turnirin yarımfinalçıları məlum olub
Bakı, 1 aprel, AZƏRTAC
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə martın 27-dən start götürən “Gaming League Azerbaijan” dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” oyunu üzrə “Xəmsə” beynəlxalq turnirinin yarımfinal mərhələsinin iştirakçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ilk mərhələni uğurla adlayan “Budapest Five”, BEE (Macarıstan), “Wait For Tag”, “Marlian eSports” (Ukrayna), “Selected İnvaders” (Şimali Makedoniya), “Dark Tigers”, “Defeaters” (hər ikisi - Slovakiya), “Zorka-Gaming” (Bolqarıstan) komandaları dörddəbir finalda mübarizəni davam etdirəcək. Yarımfinala vəsiqə uğrunda “Budapest Five” - “Wait For Tag”, “Selected İnvaders” - “Dark Tigers”, “Zorka-Gaming” - “Defeaters”, “Marlian eSports” - BEE komandaları üz-üzə gələcək.
Xəbər verdiyimiz kimi turnirdə Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları iştirak edir. Ölkəmizi təmsil edən “Karabakh Horses” və “GMT Esports” komandaları dörddəbir final mərhələsinə vəsiqə qazana bilməyib.
Aprelin 4-də başa çatacaq turnirin ümumi mükafat fondu 5 min manat təşkil edir.
Yarışı “YouTube”da “Glahub” kanalında, və “Instagram” şəbəkəsində “Glohub” səhifələrində izləmək mümkündür.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.