"Davam" Gənclər Hərəkatı sosial mediada beynəlxalq kampaniya həyata keçirib
Bakı, 31 oktyabr, AZƏRTAC
“Davam" Gənclər Hərəkatı tərəfindən sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi beynəlxalq kampaniya həyata keçirilib.
“Davam" Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, kampaniyada əvvəlcədən formalaşdırılmış və hər biri 30 gəncdən ibarət 10 qrup, həmçinin informasiya müharibəsi istiqamətində ixtisaslaşmış sosial media komandası iştirak edib.
Kampaniya iştirakçıları işğaldan azad edilmiş ərazilərdəki minalar və partlamamış hərbi sursatlarla bağlı statistik nəticələrin, regionda törədilən müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların əks olunduğu, rus və ingilis dillərində hazırlanan kontentləri tviter sosial media platforması vasitəsilə kütləvi formada paylaşaraq dünya gündəmini mövcud problemə yönləndirməyi bacarıblar. Kampaniya çərçivəsində istifadə olunan #ArmenianWarCrimes həştəqi ilə 53,3 min tvit və #FreeUsFromLandMines həştəqi ilə 68,6 min tvit paylaşılıb. #ArmenianWarCrimes həştəqi tviter sosial media platforması üzərində dünya trendinə çevrilərək “Trend Topic” siyahısına daxil olub. Ümumilikdə isə kampaniya çərçivəsində verilən məlumatlar yerli və beynəlxalq səviyyədə 2 milyondan çox istifadəçiyə çatıb.
Qeyd edək ki, həmin kampaniya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən "Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə çərçivəsində təşkil olunub.