"Energocredit" enerjini qənaətlə işlədən məişət avadanlıqlarının kreditləşməsinə imkan yaradır
Bakı, 25 noyabr, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankının dayanıqlı enerji maliyyələşdirmə mexanizmi - "Energocredit" layihəsindən yararlanan fiziki şəxslər enerjini qənaətlə işlədən məişət avadanlıqları, yüksək keyfiyyətli tikinti materialları əldə edə, enerji xərclərini azalda, yaşayış komfortunu yüksəldə bilər.
Bunu layihənin Azərbaycandakı məsləhət qrupunun rəhbəri Nazim Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
N.Məmmədov onu da bildirib ki, "Energocredit" layihəsindən Avropa ölkələri ilə yanaşı, Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda yaşayan əhali qrupları geniş şəkildə istifadə edirlər. Azərbaycanda icrasına yeni başlanan layihə çərçivəsində enerji effektli soyuducu, kondisioner sistemləri, elektrik sobaları və paltaryuyan maşınların kreditləşməsi mümkündür. Kreditlər "Energocredit"in yerli tərəfdaş bankları tərəfindən təqdim ediləcək.