"Heydər Əliyev və Sumqayıt səhiyyəsi” mövzusunda tədbir keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Sumqayıt səhiyyəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Sumqayıt Tibb Mərkəzinə istinadla bildirir ki, tədbirdə Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Təranə Mansurova Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əhalinin sağlamlığının təmin olunması üçün çox əhəmiyyətli tədbirlər həyata keçirdiyini deyib: “Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edib”.
Mərkəzin mütəxəssisləri dahi rəhbər Heydər Əliyevin ölkəmizdə mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verdiyindən danışıblar. Qeyd ediblər ki, 1970-ci illərin əvvəllərində Heydər Əliyevin sayəsində Sumqayıtda 17-dən çox yeni tibb müəssisəsi açılıb.
1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi səhiyyənin də inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, tibbi xidmətin müasir tələblər səviyyəsinə uyğunlaşmasına yeni imkanlar açır.
Son illərdə Sumqayıt şəhərində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib, müasir tələblərə cavab verən səhiyyə infrastrukturun yaradılmasına başlanılıb.
Bildirilib ki, Sumqayıtda fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.