ABŞ AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ YANĞINLARLA BAĞLI ATƏT-İN HESABATINI GÖZLƏYİR
Ereli bildirmişdir ki, Vaşinqtona Dağlıq Qarabağdan iki şəxs gəlmişdir. Onlarla Amerikanın Minsk qrupundakı həmsədri Mətyu Brayzə görüşəcəkdir. “Biz, bunu əvvələr də etmişik. Bu, aparılan müzakirələrin adi forumudur”, deyən Adam Ereli erməni tərəfinin Dağlıq Qarabağ nümayəndələrinin Buş Administrasiyası ilə görüşəcəyi barədə iddialarına aydınlıq gətirmişdir.
Dövlət Departamentinin mətbuat katibi onu da əlavə etmişdir ki, ABŞ Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan xəbərdardır. “Bizdə olan məlumata görə, məsələ ilə bağlı ATƏT araşdırma aparır... ATƏT nümayəndələrinin hesabatını gözləyəcək”.
Xatırladaq ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın iki nümayəndəsi bu həftə Vaşinqtonun Sülh İnstitutunda və Marşal Fondunda çıxış etməli idilər. Lakin Fondun yaydığı məlumata görə, tədbirdə iştirak etmək istəyənlərin sayının az olmasını nəzərə alaraq, Dağlıq Qarabağ nümayəndələri yalnız Sülh İnstitutunda çıxış edəcəklər.
Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev ötən həftə Marşal Fondunun prezidentinə məktub göndərərək, beynəlxalq əlaqələrdə hörmətli təsisatlardan biri sayılan Fondun qanunsuz qurumun nümayəndələrinə tribuna verməsindən təəssüfləndiyini bildirmişdir. Hafiz Paşayev bunun beynəlxalq birliyə yanlış mesaj göndərəcəyindən narahatlağını ifadə edərək, tədbirin ləğvini xahiş etmişdir. Eyni məzmunlu məktub Konqresin nümayəndələr palatasının sədri Denis Hastertə də göndərilmişdir. Bildirilmişdir ki, Dağlıq Qarabağdakı qanunsuz rejimin nümayəndələri uçün ziyafət verilməsindən ötrü Kapitoli binasında otaq ayrılmaqla Konqres Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayan ABŞ-ın rəsmi siyasətinə laqeyidliklə yanaşır, Amerikanın ən güclü müttəfiqlərindən biri olan Azərbaycan dövlətini və xalqını təhqir edir.