ABŞ DÖVLƏT KATİBİ GÖZLƏNİLMƏDƏN İRAQA GƏLMİŞDİR
Səfər zamanı xanım Rays İraqın dini və etnik icmalarını dekabrın 15-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində fikir ayrılıqlarını aradan qaldırmağa çağırmaq niyyətindədir. O, hava limanında bildirmişdir ki, ABŞ heç bir deputatı dəstəkləmək fikrində deyildir. Gələcək İraqda hamıya yer olmalıdır.
İraq Kondoliza Raysın rəsmən noyabrın 10-da başlanmış Yaxın Şərq səfərinin birinci mərhələsidir. Səfərin proqramına Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, habelə Fələstin əraziləri də daxildir. Rays Qəzzə bölməsindən yəhudi məskənlərinin çıxarılması ilə əlaqədar fələstinlilərlə israillilər arasında münasibətlərin normallaşmasına xüsusi diqqət yetirməyi planlaşdırır. Amerika diplomatiyasının başçısı regionda demokratiyanın və iqtisadi islahatların irəliləməsinə yönəldilmiş bir sıra təşəbbüslər hazırlamışdır. Onun noyabrın 9-da üç mehmanxanada dəhşətli terror aktları törədilmiş Əmmana da gedəcəyi istisna olunmur.
Dövlət katibi Yaxın Şərq səfərini başa çatdırdıqdan sonra Prezident Corc Buşla birlikdə Yaponiya, Cənubi Koreya, Çin və Monqolustana gedəcəkdir. Rays səfərin Asiya hissəsində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Pusanda (Cənubi Koreya) keçiriləcək görüşündə iştirak edəcək, sonra Prezident Buşu həmin ölkələrin liderlərinin elə orada keçiriləcək zirvə görüşündə müşayiət edəcəkdir.