ABŞ federal agentliklərində kütləvi ixtisarlar aparılır

Bakı, 10 mart, AZƏRTAC
ABŞ Meteoroloji Agentliyi Prezident Donald Trampın dövlət qulluqçularının sıralarını azaltmaq planının bir hissəsi olaraq kütləvi ixtisarların növbəti mərhələsini planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) 1029 əməkdaşının planlaşdırılan ixtisarı iqlim tədqiqatları və digər elmi işlərlə məşğul olan bu qurumda artıq işdən çıxarılan 1300 nəfərə əlavə olacaq.
İki raundda aparılan ixtisar agentliyin işçi qüvvəsini ilin əvvəlindən bəri təxminən 20 faiz azaldacaq. “Reuters” agentliyi xəbər verir ki, planlaşdırılan ixtisarlar barədə ilk olaraq “New York Times” qəzeti və CBS telekanalı məlumat verib.
ABŞ-ın bütün dövlət qurumlarına Prezident Donald Trampın hökumətdə islahat aparmaq üçün görünməmiş təşəbbüsü çərçivəsində martın 13-dək işdən çıxarma planlarını təqdim etmək əmri verilib. Alimlər və tədqiqatçılar xəbərdarlıq edirlər ki, NOAA-nın əməkdaşlarının işdən çıxarılması Birləşmiş Ştatların elmi həyatına təhlükə yaradacaq və mühüm iqlim tədqiqatlarını rəfə qaldıracaq.
Digər agentliklərdə də nəzərdə tutulan işdən çıxarılma planları məmurlar arasında narahatlıq doğurur.
Veteranlar qrupları, Demokratlar və bəzi Respublikaçılar xəbərdarlıq edirlər ki, 80 mindən çox işçinin işdən çıxarılması, habelə Veteranlarla İş Departamentində planlaşdırılan ixtisarlar nəticəsində təqaüdçülər üçün səhiyyə və digər xidmətləri təhlükə altına qoya bilər.
Tramp və onun müşaviri İlon Maskın xərclərin azaldılması planının ilk mərhələsi çərçivəsində artıq federal mülki işçi qüvvəsinin 2,3 milyon üzvündən 100 mindən çoxu işdən çıxarıb.
Federal işçilər əsas ofis ləvazimatlarına həftəlik qadağalar da daxil olmaqla sərt xərc məhdudiyyətləri ilə üzləşirlər.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərində də bəzi işçilərə 30 gün ərzində avadanlıq almaq və digər xərcləri ödəmək üçün istifadə edilən dövlət “satınalma kartlından” istifadə etməyi dayandırmaq əmri verilib.