İQTİSADİYYAT
“Acwa Power” şirkəti ilə yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması müzakirə olunub


Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.
Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə edilib.