ADNSU-da Portuqaliyanın ali təhsil müəssisəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Portuqaliyanın Lissabon Nova Universitetinin professoru Joao Amaro Matos və prorektor Julia Seixas ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, universitetlərarası əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə dosent Vazeh Əskərov universitetin tarixi, tədris prosesi, akademik mübadilə proqramları və beynəlxalq əlaqələri barədə danışıb.
Qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin tədris və elmi nailiyyətlərindən, reytinqlərdə iştirakından, həmçinin maddi-texniki imkanlarından danışıblar.
Sonra tələbə və professor-müəllim heyətinin mübadiləsi məsələsi müzakirə edilib. Həmçinin müəyyən sahələr üzrə ikili diplom proqramlarının həyata keçirilməsindən və digər ikitərəfli əməkdaşlıq məsələlərindən bəhs olunub.