ADPU-da tələbələrlə görüş: Poçt markalarında şəhərimizin siması
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbələrlə “Poçt markalarında şəhərimizin siması” mövzusunda görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə poçt markalarının yalnız rabitə vasitəsi deyil, həm də şəhərlərin tarixi, memarlıq irsi, mədəni yaddaşı və estetik simasını əks etdirən mühüm vizual mənbə olduğu vurğulanıb. Görüş zamanı tələbələrə şəhərsalma, memarlıq abidələri və urbanistik mədəniyyətin poçt markalarında təqdim olunması barədə məlumat verilib, bu sahənin maarifləndirici və mədəni əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri Kəmalə Həşimova, “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitara Hüseynova, həmçinin Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri İnarə Əzimzadə çıxış ediblər. Çıxışlarda şəhər mühitinin formalaşmasında memarlıq irsinin qorunması, paytaxtın tarixi-mədəni simasının gənc nəsilə tanıdılması və poçt markalarının bu prosesdə daşıdığı maarifləndirici funksiya haqqında fikirlər səsləndirilib. Qeyd olunub ki, belə görüşlər tələbələrin şəhər mədəniyyəti, memarlıq düşüncəsi və milli irsə münasibətinin formalaşmasına müsbət təsir göstərir.
Tədbir tələbələrin mövzu ilə bağlı sualları və müzakirələrlə davam edib.