Afaq Ramazanova: Vahid geyim forması məktəb mədəniyyətinin mühüm tərkib hissəsidir
Bakı, 20 oktyabr, AZƏRTAC
Məktəbli geyimi şagirdlərdə kollektivə mənsubiyyət hissinin formalaşmasına və sosial fərqlərin nəzərə çarpmasının azalmasına xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova deyib. O qeyd edib ki, ilk baxışda adi məsələ kimi görünən məktəbli geyimi sosial, tərbiyəvi və psixoloji əhəmiyyət daşıyır. Vahid forma şagirdlərin məktəb kollektivinə mənsubiyyətini ifadə etməklə yanaşı, uşaqlar arasında geyimin qiyməti və markası ilə bağlı fərqlərin ön plana çıxmasını da müəyyən dərəcədə azaldır. A.Ramazanovanın sözlərinə görə, məktəbli geyimi uşaqlarda kollektivə bağlılıq hissinin formalaşmasına kömək edir. Hər bir məktəbin öz tarixi, ənənələri və uğurları var. Şagirdlər təmsil etdikləri təhsil müəssisəsinin uğurlarına sevinir, müxtəlif tədbirlərdə onun adını daşıyırlar. Vahid geyim isə bu mənsubiyyətin zahiri ifadələrindən biridir.
Dosent vurğulayıb ki, vaxtında dərsə gəlmək, dərsə hazır olmaq, məktəb əmlakını qorumaq, müəllimlərə və sinif yoldaşlarına hörmətlə yanaşmaq kimi, geyim qaydalarına əməl etmək də ümumi məktəb mədəniyyətinin bir hissəsidir. Məktəbli geyiminə yalnız inzibati tələb kimi yanaşmaq düzgün olmaz. Zaman keçdikcə bu geyim məktəb illərinin, sinif yoldaşları ilə yaşanan xatirələrin və təhsil ənənələrinin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan vahid forma həm də kollektiv yaddaşın və məktəb ənənələrinin qorunmasında özünəməxsus yer tutur.
Onun fikrincə, vahid məktəbli geyiminin əhəmiyyəti bütün şagirdlərin eyni formada geyinməsi ilə məhdudlaşmır. Əsas məqsəd sosial fərqlərin mümkün qədər az hiss olunduğu, uşaqların özlərini kollektivin üzvü saydığı, məktəb qaydalarına hörmətlə yanaşdığı və diqqətin zahiri görünüşdən daha çox təhsilə yönəldiyi mühitin formalaşdırılmasıdır. O qeyd edib ki, vahid məktəbli geyimi dünyanın bir sıra ölkələrində təhsil mədəniyyətinin mühüm tərkib hissəsi hesab olunur. Böyük Britaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə məktəbli forması uzun illərdir mövcud olan ənənələrə əsaslanır. Azərbaycanda qəbul edilmiş vahid məktəbli geyimi də biçimi, rəng seçimi və ümumi görünüşü baxımından müasir məktəbli formaları ilə müqayisə oluna bilər. Beləliklə, vahid məktəbli geyiminin tətbiqi həm təhsil ənənələrinin davam etdirilməsi, həm də müasir məktəb mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Müxbir - Tünzalə Arazlı