AFFA PREZİDENTİ RÖVNƏQ ABDULLAYEV FUTBOL KLUBLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 4 fevral (AZƏRTAC). AFFA-nın inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev Premyer Liqada çıxış edən klubların rəhbərləri ilə görüşmüşdür.
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin iştirak etdiyi tədbirdə ölkə futbolunun hazırkı vəziyyəti, klublar tərəfindən həyata keçirilən tədbirlər və mövcud problemlər barədə danışılmış, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyyələr verilmişdir.
R.Abdullayev Premyer Liqanın səviyyəsinin yüksəldilməsi məqsədilə AFFA və PFL tərəfindən görülən işlər barədə danışmışdır. AFFA prezidenti hakimliklə bağlı problemlərin aradan qaldırılması üçün bu sahəyə xüsusi diqqət yetirildiyini, dövrələrarası fasilədə hakimlərin Türkiyədə təlim-məşq toplanışı keçdiyini söyləmişdir.
AFFA prezidenti futbolçuların oyun qaydaları ilə daha yaxşı tanış olması üçün Hakimlər Komitəsinin üzvlərinin klublarda seminarlar keçirməsini təklif etmişdir. Azərbaycan milli komandasının beynəlxalq yarışlarda daha yaxşı çıxış etməsi üçün klubların üzərinə böyük məsuliyyət düşməsi xüsusi vurğulanmışdır. R.Abdullayev təəssüflə qeyd etmişdir ki, əksər hallarda futbolçular klubdan millinin düşərgəsinə fiziki baxımdan hazırlıqsız gəlir və bu amil yığma komandanın hazırlıq prosesinə mənfi təsir göstərir.
Premyer Liqa klublarının nəzdindəki gənc futbolçulardan təşkil olunmuş komandalarda fiziki hazırlıq prosesinin düzgün və mərkəzləşdirilmiş şəkildə aparılmasının vacibliyini vurğulayan R.Abdullayev, 2008-ci ildə AFFA tərəfindən ölkəmizə almaniyalı məşqçilərin dəvət edildiyini, həmin mütəxəssislərin klublarımızda 1 ay ərzində çalışdıqdan sonra hazırladıqları hesabat barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Almaniyalı mütəxəssislərin xeyli sayda çatışmazlıq aşkarladığını, bu barədə hesabatda ətraflı məlumat verildiyini və bu problemlərin aradan qaldırılması üçün ciddi işlərin görülməsinin zəruriliyini qeyd etmişdir.
AFFA prezidenti klublara lisenziyalaşdırma prosesinə də ciddi yanaşmanın vacibliyini bildirmişdir.
Klub rəhbərləri tədbirin təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Görüşün sonunda AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqa klublarına ikinci dövrədə müvəffəqiyyət arzulamışdır.