“Ağ ölüm”ə qarşı mübarizədə antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Audiovizual Şuranın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkil etdiyi “Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim” keçirilib.
Şuradan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bəşəriyyətin ən böyük bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə də mühüm məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışıb. O bildirib ki, bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə medianın əlaqəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev İşçi Qrupun fəaliyyətindən və media ilə sıx təmaslardan, mediada bu mövzuların işıqlandırılmasının həssas məsələlərindən söhbət açıb, belə maarifləndirmə tədbirlərinin müntəzəm təşkil olunduğunu və əhəmiyyətini vurğulayıb.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, İşçi Qrupun nümayəndəsi Şahin İsmayılov təlim mövzuları ilə bağlı çıxış ediblər. Onlar narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıblar. Media nümayəndələrinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri haqqında ətraflı məlumat verilib, ölkəmizdə “ağ ölüm”ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti barədə də söhbət açılıb.
Təlim media nümayəndələrini maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam edib.