Ağcabədidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 24-də saat 14:36-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi şəhəri, Vaqif küçəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin və Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.