Ağdam şəhərindəki yaşayış binalarının inşasında istilik tutumlu təbii materiallardan istifadə ediləcək
Ağdam, 27 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dördüncü yaşayış kompleksinin ümumi sahəsi 14 hektara yaxındır. Bu kompleksdə 1080 mənzil, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq. Ümumi sahəsi 12 hektar olan beşinci yaşayış kompleksində tikiləcək yaşayış binalarında isə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlıdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, yaşayış binalarının inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Komplekslərdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.