REGİONLAR
Ağdamda Vətən müharibəsi şəhidi Müşviq Abbasovun xatirəsi anılıb
Ağdam, 6 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda Vətən müharibəsi şəhidi Müşviq Abbasovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında Müşviq Abbasovun məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Mərasimdə 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbçisi Müşviq Qabil oğlu Abbasov Vətən müharibəsində iki oğlu ilə birlikdə iştirak edib. 2020-ci il oktyabrın 6-da Ağdamın Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Müşviq Abbasov ölümündən sonra “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.