Ağdamda Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin xatirəsi anılıb
Ağdam, 9 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları, məktəblilər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında Qəşəm İbrahimlinin məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Mərasimdə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən danışılıb, şəhidlərin qısa, lakin şərəfli ömür yolunun hər bir azərbaycanlıya örnək olduğu bildirilib.
Qeyd edək ki, Qəşəm İbrahimli 1995-ci il dekabrın 20-də Xındırıstan kəndində anadan olub. O, 2020-ci il oktyabrın 9-da Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Cəsur döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.