Agentliyin direktoru: Təsnifat peşə təhsilinin inkişafı üçün strateji sənəddir
Bakı, 13 iyul, AZƏRTAC
Peşə təhsili üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və sənəd üzrə yekun müzakirələr aparılır. Yeni təsnifat peşə təhsilinin inkişaf istiqamətlərini, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını və təhsil müəssisələrinin fəaliyyət prioritetlərini müəyyən edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib. O bildirib ki, yeni təsnifat peşə ixtisaslarının siyahısını müəyyən edən normativ sənəd olmaqla yanaşı, peşə təhsilinin inkişaf istiqamətlərini, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını və təhsil sektoru ilə işəgötürənlər arasında əməkdaşlığın inkişafını müəyyənləşdirən strateji sənəddir.
Agentliyin direktoru qeyd edib ki, Nazirlər Kabinetinin 2026-cı il 30 iyun tarixli qərarı ilə peşə təhsili üzrə ixtisasların təsnifatına 12 yeni ixtisas – 4 texniki peşə və 8 yüksək texniki peşə ixtisası əlavə edilib.
“Yeni ixtisaslar açılarkən regionların iqtisadi xüsusiyyətləri, əmək bazarının real tələbatı, işəgötürənlərin ehtiyacları, təhsil proqramlarının hazırlanması, müəllim və istehsalat təlimi ustaları ilə təminat, eləcə də emalatxana və laboratoriya bazasının mövcudluğu kompleks şəkildə nəzərə alınmalıdır”, - deyə İlqar Bayramlı bildirib. O vurğulayıb ki, peşə təhsili müəssisələrinin rəhbərləri təsnifatda edilən dəyişikliklərə yalnız inzibati sənəd kimi deyil, rəhbərlik etdikləri müəssisələrin inkişafı üçün strateji imkan kimi yanaşmalıdırlar. Məqsəd əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli və ölkə iqtisadiyyatına töhfə verə biləcək ixtisaslı məzunların hazırlanmasını təmin etməkdir.
Müxbir - Nərmin Murad