“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO (Ekstrakorporal Membran Oksigenasiya) istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ağır yeni növ koronavirus (COVID-19) xəstələrində düzgün ECMO istifadəsinin vacib əhəmiyyətini, ölkəmizdə ilk dəfə COVID xəstələrində ECMO cihazının məhz Mərkəzi Gömrük Hospitalında tətbiq olunduğunu qeyd edib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov çıxış edərək həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təkmilləşdirici seminarlar, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün konfrans və təlimlər keçirildiyi, davamlı tibbi təhsilin peşəkar fəaliyyətdə mühüm rola malik olduğunu bildirib.
Seminar Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqovun “Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO ?”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Xəyal Məmmədovun “Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu” və Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı Kənan Əsədovun “ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi” mövzularında təqdimatlarla çıxış ediblər.
Onlayn seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqədar həkimlər arasında təcrübə mübadiləsi aparılıb.