Ağstafada əhalinin içməli su təminatı yaxşılaşdırılır
Ağstafa, 31 avqust, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bir çox rayonlarında olduğu kimi, Ağstafada da əhalinin fasiləsiz və ekoloji standartlara tam cavab verən içməli su ilə təmin olunması məqsədilə zəruri tədbirlər görülür.
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda bu sahədə görülən işlər çərçivəsində 8 saylı Regional Sukanal İdarəsinin Ağstafa Sukanal Sahəsinin mütəxəssisləri tərəfindən Səməd Vurğun qəsəbəsi, Köçəsgər və Həsənsu kəndlərində işlər davam etdirilir.
Layihəyə uyğun olaraq Eynallı kəndində Ağstafa Sukanal Sahəsinin balansındakı 2 ədəd subartezian nasosu bərpa olunub. Eyni zamanda, Həsənsu kənd əhalisinin içməli su probleminin həlli məqsədilə kəhriz xəttinə diametri 90 millimetr olan yeni su borularının çəkilişi davam etdirilir. Köçəsgər kəndi istiqamətində diametri 315 millimetrlik korroziyaya uğramış metal su borusu diametri 280 millimetrlik və 720 poqonmetr uzunluğunda müasir polietilen borularla əvəz olunur. Vurğun qəsəbəsində isə əhalinin içməli su problemi olan yerlərinə diametri 63 millimetr olan yeni su xətti çəkilir.
İşlərin yaxın vaxtda tam yekunlaşması nəzərdə tutulub.