Ağsu sakinlərinə birbaşa ünvanlarında əmlaklarına dair çıxarışlar təqdim olunub
Bakı, 22 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlarda paylanmasını davam etdirir.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, komitənin “Kütləvi çıxarış” kampaniyası bu dəfə iyunun 22-də Ağsu rayonunda baş tutub. Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.
Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, kampaniya çərçivəsində komitənin mobil ofisləri (ayrılmış xüsusi nəqliyyat vasitələri) ünvanlara gedir, sadə, rahat və çevik şəkildə vətəndaşların çıxarışları onlara təqdim olunur. Bununla da, əmlak sahibinin ərazi qeydiyyat idarəsinə getməsi üçün vaxt sərf etməsinə ehtiyac qalmır, çünki komitə qeydiyyat xidmətlərini bu sosial kampaniya vasitəsilə birbaşa vətəndaşa çatdırır.
“Kütləvi çıxarış” kampaniyasında sakinlərə ilkin çıxarışlar təqdim olunmaqla yanaşı, əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib. Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılmış pay torpaqları və ya bələdiyyə, icra hakimiyyəti tərəfindən verilmiş torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub. Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb.
Qeyd edək ki, kampaniya əvvəlki illərdən bu il daha intensiv şəkildə keçirilməsi ilə fərqlənir. Artıq bir ayda bir neçə dəfə, həm Bakı, həm də regionlarda belə kampaniyalar təşkil olunaraq çıxarışlar paylanır.
Kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar da göstərilir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilir, qeydiyyat prosedurları izah olunur, verilən suallar cavablandırılır.
Qeyd olunub ki, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ölkə vətəndaşlarına, komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə öz növbəsində, komitənin göstərdiyi xidmətlərdə vətəndaş məmnunluğunu daha da artırır və sosial amilliyi daha da gücləndirir.
Kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla aparılır. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
İndiyədək respublikanın 30-dan çox şəhər və rayonunda təşkil edilən kampaniyalarda ümumilikdə 8 minə yaxın vətəndaş iştirak edərək qeydiyyat xidmətlərindən faydalana bilib.