SİYASƏT
AHİK sədri: Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı

Bakı, 30 may, AZƏRTAC
Türkiyədə baş tutan parlament seçkiləri, eyni zamanda, prezident seçkilərinin hər iki turu qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi. Seçkilər sübut etdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər. Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, siyasi bloklara və partiyalara, namizədlərə bərabər imkanlar yaradıldı, türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. Seçicilərin fəallığı da ölkə vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir. Ümumiyyətlə, həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.
Heç bir məkrli beynəlxalq siyasi dairənin Türkiyə xalqının iradəsinə təsir edə bilmədiyini vurğulayan S.Möhbalıyev əlavə edib: “Qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdi. Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib, dünyada yüksək nüfuz qazanıb. Əminliklə ifadə edə bilərik ki, hazırda Türkiyə dünya siyasətinin mühüm tərəfini təşkil edir, lider dövlətlər arasında öz yerini tutub. Hərbi qüdrəti isə müzakirəolunmazdır. Son illərdə hərbi müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq qardaş ölkənin yerli hərbi sənayesi ordunun silah-sursata olan tələbatının 80 faizini ödəyir. Bu, kifayət qədər yüksək göstəricidir. Həmçinin istehsal etdiyi pilotsuz uçuş aparatları, pilotsuz döyüş təyyarələri, tankları ilə düşmənlərinin gözünü qamaşdırır. Bundan başqa, gəmi, helikopter, avtomobil istehsalına da başlanılıb. Türk xalqı öz seçimi ilə bu uğurlara Rəcəb Tayyib Ərdoğanın sayəsində nail olduğunu bütün dünyaya sübut etdi”.
Milli Məclisin deputatı vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək olub, həmrəylik nümayiş etdirib. Eyni zamanda, iki ölkə arasında münasibətlərin bu zirvəyə yüksəlməsində, əlaqələrin genişlənməsində onun xidmətləri danılmazdır. Azərbaycanın Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi başlayan ilk saatlardan bizə qardaş ölkədən dəstək mesajları gəlməyə başladı. Türkiyə Prezidenti şəxsən ifadə etdi ki, Azərbaycanın yanındayıq. Bu mənəvi dəstək Azərbaycanın gücünə əlavə güc qatdı. Qələbəmizə bizim qədər sevindi, dəfələrlə ölkəmizə gəldi, Zəfər paradında, Füzulidə, Zəngilanda hava limanlarının açılış mərasimlərində iştirak etdi. Bu, yalnız təmənnasız qardaşlıq nümunəsidir. Rəcəb Tayyib Ərdoğan, həmçinin türkdilli ölkələrin bir-birinə yaxınlaşmasına, həmrəyliyinə, təşkilatlanmasına əhəmiyyətli töhfələr verib.
“Böyük qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki Türk dövləti - Azərbaycan və Türkiyə dünya dövlətləri içərisində böyük söz sahibidir, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tuturlar, bayraqları ən mötəbər regional və beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Eləcə də hər iki ölkənin dünya miqyasında olan nüfuzu imkan verir ki, onlar qlobal məsələlərin həllində yaxından iştirak etsinlər, mürəkkəb və gərgin proseslərin aradan qaldırılmasında vasitəçi olsunlar. Bunlar günümüzün reallıqlarıdır. Qəti şəkildə inanırıq ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə daha böyük uğurları, nailiyyətləri hələ qarşıdadır. Bu əminliyi xalqlarımız müdrik qərarları və düzgün seçimləri ilə möhürləyiblər”, - deyə AHİK sədri vurğulayıb.