Aİ Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarına başlayacaq
Skopye, 14 dekabr, AZƏRTAC
Avropa İttifaqı Qərbi Balkan regionunun 6 ölkəsinin ittifaqa üzvlük prosesini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen deyib.
Avrokomissiyanın sədri həmin ölkələrin Aİ-yə üzvlük yolunda öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, Aİ birinci mərhələdə Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarına başlamaq istəyir: “Daha sonra Bosniya və Herseqovina ilə danışıqlara başlana bilər. Monteneqroda yeni hökumətlə üzvlüyə doğru irəliləmək üçün yeni sürət var. Həm Serbiyanın, həm də Kosovonun ittifaqa üzvlük yolu Aİ ilə dialoq çərçivəsində öhdəlikləri yerinə yetirməkdən keçir”.
Qeyd edək ki, Brüsseldə Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti keçirilib. Toplantıda Aİ-nin genişlənmə siyasəti və Qərbi Balkan ölkələrinin ittifaqa inteqrasiyası müzakirə olunub.
Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya isə 2013-cü ildə Aİ üzvü olub. Şimali Makedoniya və Albaniya, Bosniya və Herseqovina, Monteneqro və Serbiya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.
Şimali Makedoniyanın Aİ-yə üzvlük prosesi 20 ilə yaxındır davam edir. Albaniya 2014-cü ilin iyununda Aİ üzvlüyünə namizəd ölkə statusu alıb. Bosniya və Herseqovinaya isə 2022-ci il dekabrın 15-də Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu verilib. Monteneqro, Serbiya və Kosovonun 2030-cu ilədək ittifaqa üzv olacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye