Akademik Həbibulla Şahtaxtinskinin 120 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib
Naxçıvan, 8 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev konfransda çıxış edərək alimin həyat və fəaliyyətindən, onun kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Həbibulla Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Onun rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənilib hazırlanıb və yarımsənaye qurğusunda sınaqdan keçirilib.
Qeyd olunub ki, Həbibulla Şahtaxtinskinin apardığı elmi və praktiki araşdırmaların nəticələri alimin “Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması”, “Alunitin kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer alıb. 7 monoqrafiya və dərsliyin, 380 elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanıb.
Məruzəçi bildirilib ki, kimyaçı alimin “Miqdari kimyəvi analiz” kitabı bu gün də elmi işçilərin, pedaqoji fəaliyyətlə məşğul mütəxəssislərin və tələbələrin stolüstü dərs vəsaitlərindən biridir.
Sonra institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Akademik Həbibulla Şahtaxtinskinin həyatı”, Əhməd Qarayev “Həbibulla Şahtaxtinskinin analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinin həlli yolları sahəsində yaradıcılığı” və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Akademik Həbibulla Şahtaxtinskinin “Miqdari kimyəvi analiz” kitabının əhəmiyyəti haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb.