Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir
Bakı, 14 aprel, AZƏRTAC
Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri açaraq, bu ilin xalqımız, ölkəmiz üçün əlamətdar olduğunu bildirib. Qeyd edib ki, bu il həm Ulu Öndər Heydər Əliyevin, həm də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri qeyd olunur.
Z.Zeynalova vurğulayıb ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxşaxəlidir ki, onun həyat yoluna və fəaliyyətinə nəzər salarkən bu, aydın görünür. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Çıxış edən digər natiqlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun nurlu xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildiriblər.
Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş olunub.