Aksiya iştirakçıları etirazlarını davam etdirir









Şuşa, 24 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Xankəndi-Laçın yolunda təşkil olunan aksiya sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.
Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.