Aksiyanın siyasiləşdirilməsi ilə bağlı yayılan məlumatların heç bir real əsası yoxdur
Şuşa, 19 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan vətəndaşlarının haqlı aksiyaları səkkiz gündür davam edir. Çünki vətəndaşlarımız ekologiyamıza qarşı törədilən vandalizm aktını əsla qəbul edə bilməzlər. Ümumilikdə isə dünyada qlobal istiləşmənin müzakirə olduğu bir vaxtda təbii sərvətlərimizin qanunsuz istismarı yolverilməzdir.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində Xankəndi-Laçın yolunda keçirilən aksiyanı müşahidə edən politoloq Tural İsmayılov söyləyib.
O qeyd edib ki, Azərbaycanın müvafiq dövlət qurumlarının “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqinə icazə verilmədiyi üçün aksiyalar hələ də davam edir. Onlar hava şəraitinin necə olmasından asılı olmayaraq, müntəzəm şəkildə öz tələblərini səsləndirirlər.
“Aksiyanın siyasiləşdirilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatların heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Aksiya müşahidəçisi kimi görürük ki, burada heç bir siyasi şüarlar səsləndirilmir. İnsanların burada toplaşmasının mahiyyəti isə siyasi deyil. Aksiya ekofəalların və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiyamıza qarşı həyata keçirilən terrora etirazını ifadə edir”, - deyə Tural İsmayılov vurğulayıb.