Aksiyanın yeddinci günü: Yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər
Şuşa, 18 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası yeddi gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, dekabrın 18-də yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gəliblər. Onlar aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.