Albaniyalı akademik: Azərbaycan multikulturalizmin təşviqi sahəsində qlobal miqyasda nümunəvi mövqeyə malikdir
Bakı, 25 dekabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycan bu gün multikulturalizm və dinlərarası birgə yaşayışın təşviqi sahəsində həm regionda, həm də qlobal miqyasda nümunəvi mövqeyə malikdir. Bu uğur Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl strateji baxışının məntiqi nəticəsidir. Məhz bu liderlik sayəsində Azərbaycan müasir mədəni diplomatiyanın aparıcı rol oynayan ölkələrindən birinə çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü, akademik Arben Ramkaj deyib.
O qeyd edib ki, müsəlman, xristian və yəhudi icmalarının sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşaması Azərbaycanda əsrlər boyu formalaşmış tarixi ənənədir: “Bu model bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və sistemli şəkildə inkişaf etdirilir. Dini və mədəni irs abidələrinin bərpasına, dini icmaların institusional gücləndirilməsinə, mədəniyyətlərarası dialoqun təşviqinə və tolerantlıq mövzusunda qlobal platformaların yaradılmasına dövlət tərəfindən məqsədyönlü və davamlı investisiyalar həyata keçirilir. Nəticə etibarilə, Azərbaycan müxtəlifliyin qarşıdurma deyil, əksinə, qarşılıqlı anlaşma və sülh üçün güclü vasitə ola biləcəyini sübut edən ilhamverici beynəlxalq model kimi qəbul olunur”.
Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.