Aleksandr Zavarzin: Belarus Beynəlxalq Media Forumu yeni əlaqələr qurmaq üçün gözəl meydandır
Bakı, 8 iyun, AZƏRTAC
Belarus Beynəlxalq Media Forumu yeni əlaqələr qurmaq üçün gözəl meydandır. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri MDB İcraiyyə Komitəsinin Minskdəki informasiya-təhlil departamentinin direktoru Aleksandr Zavarzin səsləndirib.
A.Zavarzin deyib: “Forum media sahəsində yeni əlaqələr qurmaq üçün gözəl meydandır. Hesab edirəm ki, KİV nümayəndələri nəinki vaxt itirməyəcək, bəlkə də vaxta qənaət edəcəklər, çünki öz həmfikirlərinin yanında işləmək çox maraqlıdır”.
Kütləvi informasiya vasitələrinin müasir dünyada böyük rol oynadığını bildirən A.Zavarzin söyləyib: “KİV-lər insanların hadisələrdən baş çıxarmasına kömək edir. Bu işdə İnformasiya Nazirliyi də mühüm rol oynayır. Belarusda bu nazirlik yaxşı səmərəli və təşəbbüskar iş nümunəsi göstərir”.
“Gələcək naminə tərəfdaşlıq: Böyük Qələbənin irsi” X Belarus Beynəlxalq Media Forumunun işində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanov da iştirak edir.
Foruma 20 ölkədən 400-dən çox nümayəndə qatılıb. Onlar tədbir çərçivəsində Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində, “Stalin xətti” tarixi-mədəni kompleksində, “Qəhrəman Brest qalası” və “Xatın” memorial komplekslərində, habelə Böyük Qələbənin 70 illiyinə həsr edilmiş tematik ekspozisiyalarda da olacaqlar.
Forumun proqramında tematik panel diskussiyaları ilə yanaşı, plenar iclas, aparıcı xarici və yerli jurnalistlərin ustad dərslərini ehtiva edən jurnalistin yay məktəbi nəzərdə tutulur. Bundan əlavə, MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək.
MDB İnformasiya Şurasının sədri TASS Rusiya İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylovdur.
İnformasiya Şurasının əsas vəzifələri sırasına dövlət informasiya agentliklərinə informasiyanın maneəsiz yayılması üçün daha əlverişli şəraitin yaradılması, peşə fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin təşkili, informasiya sahəsində əməkdaşlıq məsələlərinə dair qərarların icrası üzrə tövsiyələrin işlənib hazırlanması və digər məsələlər daxildir.