ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLANIR
TQDK-dən AZƏRTAC-a bildirmişlər ki, bu il 27 dövlət, 13 qeyri-dövlət ali məktəbinə plan üzrə 25629 yer ayrılmışdır, o cümlədən Azərbaycan bölməsi üzrə 16417, rus bölməsi üzrə 2681, birgə müsabiqə üzrə isə 6531 yer ayrılmışdır.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, neft və qaz sənayesi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən artıq bal toplayan abituriyentlər arasında müsabiqə keçirilərək, 5 nəfər seçiləcək və onlar bakalavr dərəcəsi almaq üçün Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə Avropanın ali təhsil müəssisələrinə göndəriləcəklər.
Orta, orta ixtisas və ya peşə məktəbini 2006-cı ildə bitirən abituriyentlər sənədlərini iyunun 25-dən iyulun 10-dək hər gün saat 9-dan 18-dək təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonun (şəhərin) təhsil şöbəsində yaradılmış sənəd qəbulu komissiyasına (SQK) təqdim etməlidirlər.
Bakı şəhəri üzrə builki məzunlar sənədlərini təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayona müvafiq olaraq, aşağıdakı orta ümumtəhsil məktəblərində yaradılmış SQK-ya təqdim edəcəklər:
Azərbaycan və rus bölmələri üzrə: Səbail rayonu 190; Yasamal rayonu 158; Nəsimi rayonu 46; Xətai rayonu 138; Suraxanı rayonu 104; Əzizbəyov rayonu 183; Sabunçu rayonu 80; Binəqədi rayonu 83, 297; Qaradağ rayonu 106; Nərimanov rayonu 47; Nizami rayonu 210 nömrəli məktəblər.
Kənd rayonlarından olan əvvəlki illərin məzunları yaşadıqları rayonların təhsil şöbələrində yaradılmış SQK-ya da sənəd verə bilərlər.
Orta, orta ixtisas və ya peşə məktəbini əvvəlki illərdə bitirən abituriyentlər sənədlərini iyunun 25-dən iyulun 5-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9-dan 18-dək aşağıdakı SQK-ya təqdim etməlidirlər:
Bakı şəhərində Azərbaycan bölməsi üzrə: Azərbaycan Texniki Universiteti; Memarlıq və İnşaat Universiteti; Xəzər Universiteti; “Azərbaycan” Universiteti; “Odlar Yurdu” Universiteti; Biznes Universiteti.
Rus bölməsi üzrə: Bakı Slavyan Universiteti; Azərbaycan Dillər Universiteti.
Digər şəhərlərdə (hər iki bölmə üzrə): Naxçıvan şəhərində - Naxçıvan Dövlət Universiteti; Sumqayıtda - Sumqayıt Dövlət Universiteti; Gəncədə - Azərbaycan Kənd Təsərrüfatı Akademiyası; Mingəçevirdə - Mingəçevir Politexnik İnstitutu; Lənkəranda - Lənkəran Dövlət Universiteti.
Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir.
Tələbə qəbulu ilə bağlı bütün məlumatları TQDK-nın və “Abituriyent” jurnalının internet saytından da (www.tqdk.gov.az, www.abiturient.az) almaq olar.