ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURASINA MBA VƏ TEMPUS-TACİS PROQRAMLARI ÜZRƏ TƏLƏBƏ QƏBULU APARILIR
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, magistraturaya qəbul üçün 616 yer ayrılmışdır. Onların 583-ü MBA, 33-ü isə TEMPUS-TACİS proqramı üzrədir. Magistraturaya qəbul olmaq hüququna ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə təhsilini başa vurmuş və bu haqda diplomu olan şəxslər malikdirlər.
Azərbaycan Dövlət Neft Akademiyasında, Dövlət İqtisad Universitetində, “Odlar Yurdu”, Qərb və Xəzər universitetlərində fəaliyyət göstərən MBA proqramı üzrə magistraturaya, ixtisasından asılı olmayaraq, bütün bakalavrlar Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən TEMPUS-TACİS proqramı üzrə magistraturaya T 190000, T 200000, T 210000, T 220000, T 230000 şifrli ixtisas istiqamətlərini bitirən bakalavrlar, Dövlət Neft Akademiyasında və Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən TEMPUS-TACİS proqramı üzrə magistraturaya isə HS və M şifrli istiqamətlər istisna olmaqla, digər bütün ixtisas istiqamətlərini bitirən bakalavrlar sənəd verə bilərlər.
Sənədlərin qəbulu 2006-cı il yanvarın 15-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək aparılır. Bakalavrlar SQK-ya bakalavr təhsili haqqında diplomun əslini, məzunu olduqları təhsil müəssisəsindən bitirdikləri ixtisasın və onun aid olduğu istiqamətin şifrini, həmçinin, orta qiymət balını göstərən arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya çağırışçı vəsiqəsi (1970-1988-ci il təvəllüdlü gənclər), yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil təqdim edirlər.
Xarici ölkələrin və xaricdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Təhsil Nazirliyindən diplomlarının tanınmasını təsdiq edən, həmçinin, aldıqları ixtisasın və onun aid olduğu istiqamətin şifri göstərilmiş arayış təqdim etməlidirlər.
1970-1987-ci il təvəllüdlü, yaşı 35-dək olan, həqiqi hərbi xidmət keçməyən gənclərin hərbi sənədərində Azərbaycan Respublikası Hərbi Komissarlığının qeydiyyatı və hərbi xidmətə çağırılmamasının səbəbi göstərilməklə, möhlət haqqında arayış olmalıdır.
2005-ci il məzunlarından möhlət haqqında arayış tələb olunmur.
Bakalavrlar sənədlərini SQK-ya təqdim edərək, “Bakalavrın ərizəsi” formasını şəxsən doldurmalıdırlar. Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin 5-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisasların hamısı imtahan fənləri eyni olan ixtisaslar sırasından olmalıdır. Qəbul imtahanı test üsulu ilə keçirilir. Bakalavrlara imtahan fənləri üzrə, ümumilikdə, 100 sual təqdim olunur. Sualların cavablandırılmasına 2 saat vaxt ayrılır.
Qəbul aparılan proqramlar üzrə imtahan fənləri ali məktəblər tərəfindən aşağıdakı kimi təklif olunmuşdur:
Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, “Odlar Yurdu”, Qərb və Xəzər universitetlərində fəaliyyət göstərən MBA və Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən TEMPUS-TACİS proqramları - riyaziyyat, ingilis dili, məntiqi təfəkkürün yoxlanılması, verilənlərin təhlili və kafiliyi, informatika, Azərbaycan Dövlət Neft Akademiyasında və Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən TEMPUS-TACİS proqramı - ekologiya, iqtisadiyyat, informatika, ingilis dili, fizika.
İmtahan suallarına hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir etmir. Bakalavrın müsabiqəyə buraxılması üçün topladığı ümumi bal 50-dən az olmamalıdır. Eyni zamanda, bakalavr ingilis dilindən təklif olunan sualların ən azı 40 faizini düzgün cavablandırmalıdır.
Ətraflı məlumatı “Magistr № 6” jurnalından və TQDK-nın internet
saytından almaq olar.