Ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol çempionatına start verilib
Bakı, 18 aprel, AZƏRTAC
Ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışa 16 komanda qatılıb. Belə ki, iştirakçılar 4 qrupa bölünüblər və hər qrupdan ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
Təhsil Nazirliyi, Azad Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Futbol Federasiyaları Assosiasiyası, Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group”un təşkilatçılığı ilə keçirilən yarış mayın 7-dək davam edəcək.
Çempionatın təşkilində məqsəd ümummilli lider Heydər Əliyev irsinin gənclərə aşılanması, ali təhsil müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, respublikanın tələbələrdən ibarət yığma komandasının müəyyənləşdirilməsi, yeniyetmə və gənclərdən ibarət yığma komandalara perspektivli tələbə futbolçuların seçilməsidir.