ALİYƏ QARAYEVA MOSKVADA KEÇİRİLMİŞ QRAN-PRİ YARIŞLARININ GÜMÜŞ MÜKAFATÇISI OLMUŞDUR
Azərbaycan gimnastı, Avropa çempionu Aliyə Qarayeva Moskvada keçirilən Qran-pri yarışlarının birinci mərhələsində gümüş medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Aliyə gümüş medala halqa ilə finalda 18.125 bal qazanaraq layiq görülmüş, lentlə (17.25) və çoxnövçülükdə (69.7) dördüncü, iplə (16.96) beşinci, gürzlə (16.35) altıncı nəticəni göstərmişdir.
Aliyə Qarayeva demişdir: “Gümüş mükafat aldığıma görə çox sevinirəm, çünki turnirin birinci günündən sonra mütləq hesabda yalnız dördüncü idim. İkinci gün özümü topladım və nəticədə gümüş medal qazandım. İndi mənim üçün hər bir yarışın əhəmiyyəti böyükdür, çünki yeni çox mürəkkəb proqram üzərində işləyirəm. Dəstək göstərdikləri üçün Rusiya Azərbaycanlı Gənclər Əlaqələndirmə Şurasındakı azarkeşlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Onlar məni çox dəstəklədilər və çıxışlarımın birində hətta “Yallı” da getdilər”.
Moskvada Qran-pri yarışları ilə yanaşı yeniyətmələrin beynəlxalq turniri keçirilmişdir. Azərbaycan gimnastları içərisində ən yaxşı nəticəni 15 yaşlı Samirə Mustafayeva göstərmiş, ip və topla altıncı, lentlə isə 9-cu yeri tutmuşdur. Nigar Əbdüsəlimova isə lentlə 11-ci, topla isə 18-ci nəticə göstərmişdir.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, martın 5-7-də Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatı keçiriləcəkdir. Turnirdə aparıcı gimnastlarımızdan başqa, Rusiya, Gürcüstan və Qazaxıstan idmançıları da iştirak edəcəklər. Rusiya gimnastlarına dəfələrlə Avropa çempionu olmuş Əminə Zaripova başçılıq edəcəkdir.
Gimnastika Federasiyası xaricdən dörd hakim dəvət etmişdir. Onlar iştirakçı ölkələrin hakimləri ilə yanaşı gimnastların çıxışlarını qiymətləndirəcəklər. Yarışların ilk iki günündə mütləq çoxnövçülük yarışlarının qalibləri, martın 7-də isə proqramın ayrı-ayrı növləri üzrə çempionlar müəyyənləşəcəkdir. Sonda turnirin ən yaxşı gimnastlarının iştirakı ilə qala-konsert olacaqdır.