ALİYƏ QARAYEVA QRAN-PRİ YARIŞLARINDA BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-pri yarışlarının Berlində keçirilən bu mövsümdə sonuncu, doqquzuncu mərhələsində bürünc medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qarayeva çoxnövçülükdə və iplə hərəkətlərdə üçüncü olmuşdur.
Əvvəlcə israilli İrina Risenson və Qazaxıstan idmançısı Aliyə Yusupova 2007-ci ilin Avropa çempionu ilə daban-dabana yarışdırdılar. Buna baxmayaraq, nə onlar, nə də ukraynalı Nataliya Qodunko gimnastımızın qələbə əzmini qıra bilmədilər. Qran-pri yarışlarının finalı isə 15 gündən sonra Avstriyanın İnsburk şəhərində keçiriləcəkdir.
Berlin mətbuatı Qran-pri yarışmasının mükafatçıları haqqında belə yazır: “İki rusiyalı dünya çempionu Olqa Kapranova və Vera Sesina rəqiblərindən fərqlənirdilər. Onlarla birlikdə mükafatçılar üçlüyünə daxil olan Azərbaycan gimnastı Aliyə Qarayeva 2006-cı ildən ustalığını artırır. O, sentyabrda keçirilən dünya çempionatında 5-ci, Almaniyada isə 3-cü yeri tutmuşdur”.
Bu isə Moskva mətbuatının yazdıqlarıdır: “Rusiyalılar Kapranova və Sesina Qran-pri yarışlarının bütün qızıl və gümüş medallarını qazanmışlar. İp və gürzlə hərəkətlərdə qızlarımızın rəqibləri Azərbaycan gimnastı Aliyə Qarayeva və qazaxıstanlı Aliyə Yusupova idi. Yalnız bu iki gimnast 18-dən çox bal toplaya bilmişdir. Ancaq onlar üçüncü yeri tutmuşlar. İsrailli Risenson və ukraynalı Qodunko da bürünc medallara layiq görülmüşlər”.
Qarayeva gürz ilə finalda 4-cü, halqa və lentlə isə 5-ci olmuşdur. Digər iki gimnastımız - Dinara Gimatova və Anna Qurbanova da Qran-prinin final yarışlarında iştirak etmişlər. 2008-ci il Olimpiadasının gələcək iştirakçısı lentlə hərəkətlərdə 6-cı, çoxnövçülükdə 7-ci nəticə göstərmişdir. Dinaranın final çıxışında nümayiş etdirdiyi fuetye mütəxəssislərin gözündən qaçmamışdır. 2004-cü il Olimpiadasının iştirakçısı A.Qurbanova ip, halqa və gürzlə finalda 7-ci, çoxnövçülükdə 8-ci olmuşdur.