Almaniya Bundestaqının nümayəndə heyəti Xankəndi və Şuşa şəhərlərində olub
Bakı, 27 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Edis Mirzenin başçılıq etdiyi nümayəndə heyəti aprelin 27-də Xankəndi və Şuşa şəhərlərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xankəndi şəhərinə gələn qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.
Sonra Şuşaya gələn Almaniya parlament nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər, Şuşanın Qala divarlarını seyr ediblər, Aşağı Gövhər Ağa məscidi, Birinci yaşayış məhəlləsi, Bülbülün ev muzeyi və Cıdır düzü ilə tanış olublar.