Almaniya qəzetləri azərbaycanlı heykəltəraş İlqar Şeydayev haqqında yazıb
Berlin, 5 mart, AZƏRTAC
Almaniyanın “Badische Tagblatt” və “Baden-Baden aktuell” qəzetlərində azərbaycanlı heykəltəraş İlqar Şeydayevin Almaniyanın Deqlov incəsənət qalereyasında reallaşan sərgisi haqqında məqalələr çap olunub.
Məqalələrdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin sərginin açılışını etdiyi qeyd olunur. Azərbaycanlı skripkaçı Fəridə Rüstəmovanın ifa etdiyi musiqi parçalarının sədaları altında ziyarətçilərin sərgi ilə tanış olduğu bildirilir. Onun digər bəstəkarlarla yanaşı, babası, Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun əsərlərini də səsləndirdiyi nəzərə çatdırılır.
İlqar Şeydayev haqqında məlumat verilən məqalədə gənc heykəltəraşın əsərlərində karton və gipsdən istifadə edərək Nikola Tesla, Frans List, Bethoven və Eynşteyn kimi dahi şəxsiyyətlərin realistik büstlərini hazırladığı nəzərə çatdırılır. Daha sonra məqalədə heykəltəraşın əsərləri haqqında məlumat verilir, onun yaratdığı heykəllərə hissiyyat verməyə çalışdığı vurğulanır. İ.Şeydayevin məşhur “Violonçelli xanım” heykəlinin sərginin açılışında nümayiş olunduğu bildirilir.
Sərginin aprelin 6-dək davam edəcəyi diqqətə çatdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin