ALMANİYA TEXNİKİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ ZAQATALADA ÇAYÇILIĞIN İNKİŞAFINA YARDIM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycanda Özəl Bölmənin İnkişafı Proqramı çərçivəsində Zaqatala rayonunda çayçılığın inkişafı ilə bağlı xüsusi layihə həyata keçirir. Layihəyə uyğun olaraq, hazırda Zaqatalada 45 hektar çay plantasiyası sahəsinin yeni texnologiyalarla becərilməsi uğurla davam etdirilir. Cəmiyyətin xətti ilə rayona çay bitkisinin budanması və ona forma verilməsi üçün yeni avadanlıq da gətirilmişdir.
Çayçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir. Cari ildə plantasiyalardan 71,5 ton yaşıl çay yarpağı toplanmışdır ki, bu da ötən ildəkindən 5,5 ton çoxdur. Tədarük edilmiş xammaldan emal müəssisələrində 17,6 ton yüksək keyfiyyətli quru çay istehsal olunmuşdur.