Almaniyada 5 il əvvəl baş vermiş daşqınların qurbanlarının xatirəsi anılır
Berlin, 14 iyul, AZƏRTAC
Bu gün Almaniyada ölkənin yaxın tarixində baş vermiş ən ağır təbii fəlakətlərdən hesab olunan Ahr vadisi daşqınlarının beşinci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, Almaniyanın qərb bölgələrində baş vermiş dəhşətli daşqınların ildönümü mərasimlərində Kansler Fridrix Mertsin və Prezident Frank-Valter Ştaynmayerin iştirakı nəzərdə tutulub.
Beş il əvvəl - 2021-ci il iyulun 14-dən 15-nə keçən gecə Almaniyanın müasir tarixinə ən böyük təbii fəlakətlərdən biri kimi yazıldı. Ölkənin qərbində, xüsusilə Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya əyalətlərində cəmi bir neçə saat ərzində yağan rekord miqdarda yağış kiçik çaylarda dağıdıcı selin yaranmasına səbəb oldu. Hər iki əyalətdə yaşayış məntəqələri, yollar, körpülər və digər infrastruktur ciddi zərər gördü. Təkcə Almaniyada 180-dən çox insan həyatını itirdi, yüzlərlə sakin xəsarət aldı, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. Daşqının vurduğu iqtisadi zərər 30 milyard avrodan çox qiymətləndirilir. Ən çox itki Ahr vadisində qeydə alındı.
Bu faciə təkcə təbiətin amansız gücünü deyil, həm də iqlim dəyişikliyinin qapımızdakı real təhlükəsini bütün çılpaqlığı ilə göstərdi. Bu faciə Almaniyada fövqəladə hallara hazırlıq sistemində ciddi islahatlara yol açdı. Erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, mülki müdafiə imkanlarının gücləndirilməsi və iqlim risklərinə hazırlığın artırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ötən beş il ərzində fəlakət bölgələrində genişmiqyaslı yenidənqurma işləri aparıldı. Dağılmış infrastruktur bərpa edilsə də, fəlakətin vurduğu psixoloji travmalar hələ də tam sağalmayıb.
Alman mütəxəssislər və iqlimşünaslar bildirirlər ki, 2021-ci il daşqınları qlobal iqlim dəyişikliyinin birbaşa nəticəsidir. Atmosferin isinməsi daha çox rütubət saxlamasına və bunun da qısamüddətli, lakin ekstremal yağıntılara səbəb olmasına şərait yaradır. Anım günündə əsas çağırış yenə də eynidir: iqlim böhranına qarşı qlobal mübarizəni sürətləndirmək və gələcək fəlakətlərə qarşı daha dayanıqlı şəhərlər inşa etmək.