SİYASƏT
Almaniyada “Azərbaycan: uğurlu mübadilənin 10 ili” başlıqlı məqalə dərc olunub
Berlin, 7 mart, AZƏRTAC
Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) tərəfindən maliyyələşdirilən Menecer Təlimi Proqramına (MTP) həsr olan “Fit for partnership with Germany” adlı məcmuənin 15-ci sayı dərc olunub.
AZƏRTAC sözügedən nəşrdə çap olunmuş “Azərbaycan: uğurlu mübadilənin 10 ili” başlıqlı məqalənin qısa xülasəsini təqdim edir.
Siyasi və biznes dairələrini təmsil edən təxminən 200 qonaq ötən il noyabrın 29-da Bakıda “Yeni yollar” adı altında MTP-nin 10 illiyini qeyd ediblər.
Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Avropa siyasəti üzrə baş direktorunun müavini H.Hetmayer açılış mərasimi zamanı bildirib ki, MTP-dəki 10 illik əməkdaşlıq, həmçinin Almaniya və Azərbaycan arasında intensiv əlaqələrin on ilidir. “Biz bu əməkdaşlığı gələcəkdə də davam etdirmək istəyirik. Rəhbər Komitənin iclası çərçivəsində Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ilə spesifik tədbirlər üzrə razılaşma əldə edə bilməyimizdən şadam”.
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri ölkə daxilində və beynəlxalq bazarda Azərbaycan müəssisələrinin rəqabət qabiliyyətliliyi üçün MTP-nin əhəmiyyətini vurğulayıb.
MTP-nin məzunları olan və Azərbaycanın işgüzar dairələrini təmsil edən təqribən 200 nümayəndə tədbirdə iştirak edib, peşəkar mübadilə və intensiv şəbəkələşmə üçün imkandan istifadə ediblər.
Proqramın bütün məzunları müxtəlif seminarlarda innovativ sahibkarlıq, peşəkar şəbəkələşmə və dəyişikliyin idarə olunması mövzuları üzrə biliklərini genişləndirə biliblər.
MTP-nin 2009-cu ildə başlamasından etibarən 422 azərbaycanlı rəhbər şəxs proqramda iştirak edib. Eyni zamanda, 1000-dən artıq alman müəssisəsi qrup və fərdi səfərlər, “B2B” tədbirlər və ticarət sərgiləri vasitəsilə Azərbaycan firmaları ilə tanış olmaq imkanına malik olublar. Proqramda iştirak edən azərbaycanlı rəhbər şəxslərin əksəriyyəti qeyri-neft və qeyri-təbii qaz sənayelərini təmsil ediblər. Bu xüsusda, MTP, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir.
Gələcəkdə, MTP çərçivəsindəki iqtisadi əməkdaşlıq zamanı bərpa olunan enerji, enerji səmərəliliyi, “sənaye 4.0” və qida emalı sahələrinə daha güclü diqqət yetiriləcək, eləcə də qadın sahibkarların proqramda iştirakı təşviq olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin