ALMANİYADA AZƏRBAYCANIN MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun sonlarından noyabradək Almaniyada Azərbaycan ili çərçivəsində Berlin Etnologiya Muzeyində və bu ilin noyabrından 2009-cu ilin martınadək isə Drezden Etnologiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgilər təşkil olunacaqdır.
Nazirliyin və Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərgilərin təşkili ilə bağlı Berlinə ezam olunmuşlar.
Azərbaycanın tarixini, maddi-mədəni irsini ətraflı təqdim etmək məqsədi ilə ekspozisiyalara Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərinin tarix muzeylərindən eksponatlar daxil olunmuşdur. Sərgilərdə tarix və ədəbiyyat muzeylərindən, Əlyazmalar İnstitutundan, dövlət arxivlərindən və Milli Kitabxanadan da eksponatlar nümayiş etdiriləcəkdir.
Alman tamaşaçıları Nizami Gəncəvinin “Xəmsə”si, Nəsiminin “Divan”ı, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-Raz”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərləri, «Əkinçi» qəzetinin ilk nömrəsi, Şərqin miniatür məktəbinə aid əsərlərlə də tanış ola biləcəklər.
Azərbaycan ili çərçivəsində “Azərbaycan - Odlar yurdu” adlı ilk sərgi avqustun 26-da Berlin Etnologiya Muzeyində açılacaqdır.