ALMANİYADA YOHAN GEORQ ELSERİN BÜSTÜ QOYULMUŞDUR
AZƏRTAC Almaniyanın DPA xəbər agentliyinə istinadla bildirir ki, Berlində Yohan Georq Elserin büstünün açılış mərasimi keçirilmişdir. Elser İkinci Dünya müharibəsinin lap əvvəlində tarixin gedişini təkbaşına dəyişmək və ola bilsin ki, müharibənin genişlənməsinin qarşısını almaq üçün cəhd göstərmiş bir insan kimi tarixə düşmüşdür.
1939-cu il noyabrın 8-də Almaniyanın Köniqsbron şəhərindən olan bu 36 yaşlı xarrat özünün hazırladığı partladıcı qurğunu Münxendəki “Bürgerbraukeller” pivə barında qoymuşdu. Onun məqsədi həmin gün bu barda ənənəvi illik nitq ilə çıxış etməli olan Adolf Hitleri öldürmək idi. Bomba Elserin planlaşdırdığı kimi, düz saat 21:20-də partladı. Lakin Elser haradan bilyədi ki, Hitler bardan 13 dəqiqə əvvəl çıxacaqdır. Artıq öz mənasını itirmiş bomba partlayışı nəticəsində 8 nəfər həlak olmuş, 63 nəfər yaralanmışdı.
Elser özü isə partlayışdan 35 dəqiqə əvvəl Konstantsada, İsveçrə sərhədini keçməyə cəhd göstərərkən gömrük polisi əməkdaşları tərəfindən təsadüfən saxlanmışdı. Əvvəlcə o, heç bir şübhə oyatmırdı və gömrükçülər onu buraxmağa hazır idilər, lakin onun cibində həmin “Bürgerbraukeller” pivə barının fotoşəkilləri olan açıqcalar tapılanda onu dərhal Münxenə aparıb gestapoya təhvil verdilər. Saxlanılmış şəxs əvvəlcə partlayışda əli olmasını inkar edirdi, lakin dizlərinin cızılmış və sürtülmüş olması, necə deyərlər, işləri korladı. Məlum oldu ki, barda sütunlar arasında qazılıb bompa qoyulmuş yerə yalnız diz üstə sürünərək keçmək mümkün idi. Bundan əlavə, barda ofisiant işləyən qadın onu tanımışdı. Qadın demişdi ki, orta yaşlarında bir kişi tez-tez bara gəlir və həmişə məhz o sütunların yanındakı yerdə əyləşirdi. Son nəticədə Elser Hitlerə qarşı uğursuz sui-qəsd törətməsini etiraf etmişdi.
Elser iddia edirdi ki, sui-qəsdi təkbaşına hazırlayıb. Lakin Reyxin təbliğat naziri Yozef Göbbelsin fikrinə görə, bu əhvalatda ingilis kəşfiyyatının əli olmuşdur. O, müharibə qurtarandan sonra “nümunəvi” məhkəmə prosesi təşkil etmək niyyətində idi.
Elseri əvvəlcə Zaksenhauzen həbs düşərgəsinə, oradan isə Dahauya göndərdilər. Onu xüsusi şəraitdə saxlayırdılar: açıq antibritaniya prosesi aparılacağı gözlənilirdi.
1945-ci ilin aprel ayında Almaniyanın təslim olmasi yaxınlaşan ərəfədə müttəfiqlər Dahau həbs düşərgəsinə yaxınlaşarkən məlum oldu ki, Göbbelsin nümunəvi məhkəmə araşdırması keçirmək planları baş tutmayacaq. 1945-ci il aprelin 9-da, Avropada müharibənin başa çatmasına cəmi bir neçə həftə qalmış Elser Dahauda güllələndi.
1960-cı illərin axırlarında Elserin 203 səhifəlik istintaq protokolu dərc edildi. Bu sənəd Hitleri məhv etmək üçün uğursuz cəhdin tarixinə dair əsas mənbə oldu.
Son illərdə Almaniyada maraqlı bir hal müşahidə olunur: vaxtilə Adolf Hitlerə qarşı sui-qəsd törətmiş və ya sui-qəsd planlaşdıran adamların hamısını qəhrəman hesab etməyə başlayıblar.