ALMANİYALI QONAQLAR SUMQAYITDA
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları salamlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafından danışmışdır. Qeyd olunmuşdur ki, respublikanın dinamik inkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsi istifadəyə verilmişdir.
Şəhərin başçısı Sumqayıtın tarixindən, onun iqtisadi potensialından danışaraq bildirmişdir ki, son vaxtlar bir-birinin ardınca yeni müəssisələr işə salınır. Təkcə 2,5 il ərzində şəhərdə 15 mindən çox iş yeri açılmışdır. Bütün bunlar respublikamızda uğurla həyata keçirilən kiçik və orta biznesin inkişaf etdirilməsi xəttinin nəticəsidir. Elə bu yaxınlarda Sumqayıtda dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə 506 meqavat gücündə buxar-generator qurğusunun bünövrəsi qoyulmuşdur. Bu qurğunu Almaniyanın dünya bazarında böyük nüfuza malik məşhur “Siemens” şirkəti maliyyələşdirir və tikir.
V.Əliyev iki şəhər arasında tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafından söhbət açaraq, təhsil, səhiyyə, şəhər təsərrüfatı və ekoloji sahələrə yönəldilən kiçikhəcmli layihələrin rolunu və əhəmiyyətini vurğulamışdır. V.Əliyev məişət tullantılarının daşınması, təkrar emalı ilə məşğul olan və şəhərdə təmizliyi təmin edən “ADES” Almaniya-Azərbaycan müştərək müəssisəsinin müsbət fəaliyyətini xüsusilə diqqətə çatdırmışdır.
Lüdviqshafen şəhərinin burqomistri Ernst Merkel demişdir: ”Azərbaycanın Dövlət müstəqilliyi gününün bayram edilməsi ərəfəsində sizin yanınızda olmaq artıq xoş ənənəyə çevrilmişdir. Biz əməkdaşlığımızdan razıyıq, çünki burada, işdən savayı, ünsiyyət də var”. Son vaxtlar şəhər yaxşılığa doğru xeyli dəyişmişdir. Küçələr abadlaşmış, fəvvarələrin sayı çoxalmışdır. Sumqayıt axşamlar yaxşı işıqlandırılır. Qeyd olunmuşdur ki, nümayəndə heyəti Sumqayıta status-konqres münasibətilə gəlmişdir. Konqresdə əvvəllər həyata keçirilən kiçikhəcmli layihələr və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakıdakı ofisinin reallaşdıracağı proqram müzakirə olunacaqdır.