Almaniyanın Azərbaycana artan marağı ölkəmizin iqtisadi və siyasi maraqlarına cavab verir RƏY
Bakı, 22 iyul, AZƏRTAC
Avropanın aparıcı iqtisadiyyatına malik Almaniyanın Azərbaycanla münasibətlərə önəm verməsi ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Almaniyaya səfəri, mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin ruhuna tam uyğundur. Almaniyanın bölgəyə və Azərbaycana getdikcə marağı artır, gündəlikdə iqtisadi tərəfdaşlıq, enerji və nəqliyyat layihələri var. Azərbaycan öz növbəsində bu layihələrə çox böyük önəm verir, çünki Avropanın 10 ölkəsi, o cümlədən Almaniya Azərbaycanın əsas enerji tərəfdaşıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri (İB) Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələr baxımından Avropa üçün tranzit məkana çevrilir, ölkənin potensial tranzit imkanlarının artması tərəfdaşlıq imkanlarını daha da genişləndirir. Xüsusən Avropada yaşanan enerji və iqtisadi problemlər Azərbaycanın iqtisadi tərəfdaş kimi rolunu daha da artırır: “Bunun da əsas səbəbi Azərbaycanın etibarlı tərəfdaş olması, geostrateji əhəmiyyəti və iqtisadi potensialıdır. Prezident İlham Əliyev də öz çıxışında bildirdi ki, Avropa İttifaqının rəsmilərinin Azərbaycana son aylarda uğurlu səfərləri olub. Bu Avropa İttifaqı ilə sıx siyasi təmasların olmasını bir daha nümayiş etdirir. Həm Almaniya Kansleri, həm də Azərbaycanın dövlət başçısı bölgəmizdə olan müharibələrə diqqət çəkərək sabitliyin vacibliyini vurğuladılar, regionda sülhün əhəmiyyətinə diqqət çəkdilər. Təbii ki, bu məsələ də hər iki ölkənin gündəliyində yer tutan əsas məsələlərdən biridir. İki dövlətin rəsmiləri arasında davamlı siyasi məsləhətləşmələr və dialoq, həm iqtisadi və siyasi, sülh gündəliyi məsələlərində geniş əməkdaşlığın olmasından xəbər verir. Almaniyanın Azərbaycana artan marağı Avropa İttifaqı ilə olan əlaqələrə də müsbət təsir göstərir və ölkəmizin iqtisadi və siyasi maraqlarına cavab verir”, - deyə İB sədri vurğulayıb.
Müxbir- Günel Türksoy